Robert Prosineçki: Seçmə mərhələnin sürpriz komandalarından biriyik
Milli komandamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxış barədə danışıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları deyib:
"Məncə də seçmə mərhələnin sürpriz komandalarından biriyik. Heç kim bizim bu nəticələri əldə edəcəyimizə inanmırdı. Lakin biz hər komanda ilə başabaş mübarizə aparacağımıza inanırıq".
"Heyətimizdə çoxlu dəyişikliklər oldu. Atdığımız addımların doğru olduğuna inanırıq. Bu da çox vacib amildir".
Xorvatiyalı mütəxəssis bildirib ki, artıq futbolçularda özlərinə inam artıb: "Biz doğrudan da çox çalışırıq. Futbolçular öz üzərlərində işləyirlər. Onları öz güclərinə inandırmaq üçün əlimizdən gələni edirik. Yaxşı oyunçular var və özümüzə güvənirik. Nəticə də göz önündədi".
"Norveçlə matçda aldığımız qalibiyyət və Çexiyadakı heç-heçə bizim üçün önəmli nəticələrdir. Artıq Azərbaycanda bir futbol coşqusu var. İnsanlar bizə inanırlar. Çünki əvvəllər heç vaxt belə nəticələr, uğurlar olmayıb".
Prosineçki onu da bəyan edib ki, komandanın indiki nəticələri təsadüfi deyil: "Gündən günə daha da artırırıq. Yaxşı rəqiblərə qarşı ciddi futbol sərgiləyirik. Nəticələrimiz təsadüfi deyil. Biz hələ ötən seçmə mərhələ zamanı Norveçlə səfərdə, Xorvatiya ilə evdə qolsuz heç-heçəyə nail olmaqla da hamını təəccübləndirmişdik. Yalnız İtaliya ilə ev oyununda ciddi mübarizənin sonunda 1:3 hesabıyla uduzduq. İstəyirik ki, Azərbaycan yığması yaxşı futbol oynasın, təkcə müdafiə olunmasın".
Xatırladaq ki, yığmamız seçmə mərhələdə keçirdiyi 3 oyuna 7 xal toplayıb. Milli komandamız növbəti görüşünü noyabrın 11-i səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək. (Goal.com)
