Milan Şkoda: Azərbaycan ilə oyun arzuladığımız kimi alınmadı
Futbol üzrə Çexiya yığmasının hücumçusu Milan Şkoda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Demək olar ki, meydana çıxan kimi qol vurmaq şansım var idi. Ola bilsin ki, topa dərhal zərbə vurmalı idim. Amma daha dəqiq zərbə üçün fərqli qərar verdim. Nəticədə isə qapıçı qola imkan vermədi. Halbuki, topu fərqli küncə də göndərə bilərdim. Amma top sol ayağımda olduğuna görə buna nail ola bilmədim".
"Daha son bir qol şansım da oldu. Amma nədənsə yenə normal zərbə vurmağı bacarmadım. Buna görə çox məyusam".
Şkoda komandasının seçmə mərhələdəki çıxışını belə dəyərləndirib: "Bizə nə olduğunu anlaya bilmirəm. Üç oyundan sonra cəmi 2 xalımız var. Əlbəttə, bu da qrupdan çıxmaq şanslarımızı azaldır. Amma hələ hər şey itirilməyib. Sonadək mübarizəmizi davam etdirəcəyik".
"Azərbaycanla oyunda hər şey planlaşdırdığımız kimi getmədi. Fikrimcə, növbəti oyunlarda uğur qazana biləcəyik. Artıq qol vurmaq, qələbə qazanmaq zamanı olduğunu hiss edirik. Üzərimizdə təzyiq yaranmaması üçün çox çalışsaq da, alınmadı. Təəssüf ki, Azərbaycanla matçda arzuladığımızı həyata keçirə bilmədik".
