Kamran Ağayev: Qələbə istəyirdik, amma heç-heçə də pis deyil
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı səfər oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Sizi seçmə mərhələdə Avropanın ən yaxşı qapıçısı saymaq olar?
- Tək məni demək olmaz. Sadəcə, əvvəlki formamı bərpa etmişəm. Əsas odu ki, zədələnməyim. Çünki zədə olanda toparlanmaq çətin olur. Əlimdən gələni edirəm. Yığmanın heyətində vuruşmaq lazımdı. Hələ ki, pis deyil. Özümə də Avropanın ən yaxşısı deməzdim.
- "Boavişta"ya hansı əhval-ruhiyyə ilə qayıdırsız?
- Şübhəsiz ki, əhval-ruhiyyə yaxşıdır. Eşitmişəm ki, kubokdakı məğlubiyyətdən sonra klubda baş məşqçi dəyişikliyi olub.
- Bu cür havada meydana çıxmağın sizin üçün heç də əlverişli olmadığını demək olar?
- Elədir. Belə havada qapıçıların işi çox olur. Rəqibin 30 metrdən vurduğu zərbə sanki 5 metrdən gəlir. Əsas odu ki, nəticə qazandıq. İstərdik qələbə olsun, amma da pis deyil. Bizə dəstək lazımdır. Bizə güvənsəniz, hətta uğursuzluğa düçar olsaq belə, motivasiya versəniz, yaxşı nəticələr əldə edib DÇ-yə vəsiqə üçün mübarizə apara bilərik.
- 75-ci dəqiqədə zədələnmişdin, ya vaxt öldürürdün?
- Xeyr, doğrudan problem var idi. İlk yarı başa çatanda əzələmdə dartılma hiss etdim. Amma iynə vuruldu. İnanıram ki, yaxşı olacaq. Ağır zədə yoxdu. Sadəcə, kənardan göstəriş verildi ki, topa zərbə vurma. Çünki vurduqca, zədəmi daha da ağırlaşdıra bilərəm. Fikrimcə, yırtıq yoxdu, sadəcə, yüklənmə olub.
- Oyunun gedişində tabloya neçə dəfə baxdın?
- Bunu deməsəm, yaxşıdı. Tək tabloya yox, hər yerə baxdım.
- 3 oyundan sonra 7 xal qazanacağımızı təsəvvür edə bilirdin?
- Bəli, inanırdım. Komanda yoldaşlarıma və özümə inanıram.
- Şimali İrlandiya ilə səfər matçı haqqında nə düşünürsən?
- Nə olacağını bilmək olmaz. Sadəcə, vuruşmaq, döyüşmək lazımdı. Uda da bilərik, uduza da.
- Hazırkı komandanı müstəqillik dövrünün ən yaxşı yığması saymaq olar?
- Daha yaxşı ola bilərik. Amma mən dəqiq qiymət verə bilmərəm. Qoy bunu başqaları etsin.
