İsgəndər Cavadov: Çexiya yığmasından çəkinmək olmaz
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirəcəyi oyundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Seçmə mərhələnin üçüncü oyununa da pozitiv əhvalda hazırlaşırıq. Çünki əvvəlki oyunlarımızda qələbə qazanmışıq. Psixoloji baxımdan bu, çox önəmlidir. Artıq iki gündür komanda ilə bir yerdəyəm və hiss edirəm ki, uşaqlar özlərini yaxşı hiss edirlər, mübarizəyə kökləniblər. Rəqibin gücündən asılı olmayaraq, onlar bu oyunda özlərini yaxşı tərəfdən göstərməlidirlər. Çexiya yığmasından heç bir halda çəkinmək olmaz. Çexlər indi elə vəziyyətdə deyillər ki, onlardan qorxaq. Şübhəsiz ki, ilk iki oyunda cəmi 1 xal toplamış rəqibimiz ilk dəqiqələrdən hücuma atılacaq, qələbə qazanmağa çalışacaq. Amma ümid edirəm ki, bu dəfə Norveçlə görüşdəki kimi çox müdafiədə oturmayacağıq. Müdafiə olunmaq barədə nə qədər çox düşünsək, bir o qədər çox problemimiz olacaq".
