Robert Prosineçki: Çexiya yığmasından qorxmuruq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün Ostravada baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bizi sabah çətin oyun, güclü rəqib gözləyir. Onlar tsiklə uğursuz başlayıblar. Çexlər müsbət nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər. Norveçlə heç də asan olmayan oyundan sonra bu görüşə hazırıq. Yenə yaxşı oynamaq, evə müsbət nəticə ilə qayıtmaq istəyirik".
Xorvatiyalı mütəxəssis heyətlə bağlı dəyişiklərdən söz açıb: "Hər bir rəqibə hörmətlə yanaşırıq. Amma ondan qorxmuruq. Komandama inanıram. Meydana kimi çıxmasından asılı olmayaraq, onların hər biri yaxşı futbol sərgiləməyə çalışacaq. Bizim jurnalistlər mənim heyəti oyundan bir gün öncə açıqlamağıma alışıblar. Rəşad Sadıqovun zədəsi var. Ona görə də hələ onun oynayıb-oynamayacağını bilmirik".
O, sabah necə futbol oynayacaqlarına dair suala belə cavab verib: "Futbol elə oyundur ki, baş məşqçi qarşılaşma öncəsi plan qurur, amma hər şey plan üzrə getmir. Rəqib bütün planları korlaya bilər. Biz sabah yaxşı oyun sərgiləyəcəyimizə ümid edirik. Futbolçularım böyük həvəslə bu oyunu gözləyir. Belə oyuna hər gün çıxmaq olmur".
Prosineçki Ramil Şeydayevin bu dəfə ilk dəqiqələrdən meydana çıxmasından da söz açıb: "Azarkeşlərin arzusu bizim üçün vacibdir. Amma səhv etsəm, buna görə məsuliyyəti tək mən daşıyacağam. Məndən bunu hesabını soruşacaqlar. Ramil start heyətdə oynamağı öz çalışqanlığı ilə haqq etdi. Gənc və perspektivli futbolçudur. Təəssüf ki, "Trabzonspor"da çox oynamır. Ümid edirəm ki, bundan sonra onun daha çox belə şansı olacaq. Norveçlə oyunda da özünü yaxşı tərəfdən göstərdi. Norveçlilərin müdafiə xətti ona görə rahat nəfəs ala bilmirdi".
