Karel Yarolim: Azərbaycan yığmasını zəif rəqib hesab etmirəm
Futbol üzrə Çexiya yığmasının baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Azərbaycanla oyun ərəfəsində üzərinizdə təzyiq hiss edirsiz?
- Hiss etmədiyimi desəm, doğru olmaz. Təzyiq hər oyundan öncə olur. Sabah üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Robert Prosineçkini şəxsən tanıyırsınız?
- Mən onu oyunçu kimi tanıyıram. Sabahkı oyun Azərbaycanın Norveçlə qarşılaşmasının oxşarı olacaq. Fərq yalnız ondadır ki, Azərbaycan bu dəfə səfərdə oynayacaq.
- Komandanız qalib gəlməsə, necə olacaq?
- Bunu qəbul edə bilmərəm. Ona görə də ilk dəqiqələrdən səhvsiz oynamalı və matçın gedişatına nəzarət etməliyik. Azarkeşlərimizdən dəstək gözləyirəm.
- Azərbaycanla birinci və sonuncu dəfə 2009-cu ildə yoxlama oyununda qarşılaşıb, uduzmusunuz...
- Həmin oyunu xatırlayıram. Nəticə yadımda qalsa da, oyunun necə keçdiyini xatırlamıram. İndi heç bu, lazım da deyil. Çünki o dövrdən bəri çox şey dəyişib.
- Almaniyaya qarşı keçirdiyiniz oyunla müqayisədə heyətdə dəyişiklik edəcəksiniz?
- Sizə bu barədə konkret heç nə deməyəcəyəm. Eyni sözləri mümkün taktikaya da aid edirəm.
- Sabah mümkün məğlubiyyət sizin baş məşqçi postunuzdakı mövqeyinizə təsir edəcək?
- Heç bu barədə düşünmürəm də. Hər şey ola bilər. Sabahkı matçın necə başa çatacağını heç kim bilmir. Oyundan sonra nə olacaqsa, olacaq. Bu barədə düşünmürəm.
- Azərbaycan yığmasını özünüzə layiqli rəqib hesab edirsiz?
- Mən rəqib barədə belə fikirlər səsləndirib onu aşağılaya bilmərəm. Onları zəif hesab etmirəm. Norveçlə oyun hər şeyi göstərdi. Rəqibə hörmət edirik. Daha yaxşı oynamalıyıq ki, qələbə qazanaq.
