Yan Sikora: Azərbaycana uduzduğumuzu heç mən bilmirdim
Futbol üzrə Çexiya yığmasının və bu ölkənin "Slovan" klubunun (bu komanda Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibidir) yarımmüdafiəçisi Yan Sikora DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığması "Qarabağ" deyil. Norveçə qarşı deyəsən, bu komandanın üç futbolçusu (əslində isə dörd oyunçusu - red.) oynadı. Amma mən yalnız onların kapitanı Rəşad Sadıqovu xatırlayıram. Onlar Norveçə qalib gəldilər. Azərbaycan yığması ilə "Qarabağ" arasında şübhəsiz ki, fərqlər var. Çünki klubda legionerlər də çıxış edirlər".
Çexiyalı jurnalistlər ona Azərbaycan və Çexiya yığması arasında baş tutan yeganə oyunun yoxlama xarakteri daşıdığını və millimizin 2:0 hesabıyla qalib gəldiyini də xatırladıblar: "Onlara uduzduğumuzu heç mən bilmirdim. Mümkün uğursuzluq barədə düşünmək belə istəmirik. İndiki məqamda cütün favoriti bizik. Ona görə də qələbə qazanmalıyıq". (ČT sport)
