Mahmud Qurbanov: Millimiz Çexiyadan da xal ala bilər
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazanılan qələbədən (1:0) danışıb, Çexiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Uşaqlar Norveç kimi güclü rəqibə qarşı yaxşı mübarizə apardılar, layiqli qələbə qazandılar. Komandamız müdafiədə çox inamlı təsir bağışladı. Hücumda da ələ düşən şansdan yaxşı yararlandıq. Ola bilər ki, baxımlı oyun sərgiləyə bilmədik. Amma əsas odur ki, nəticə qazanmağı bacardıq. Hansı ki, bu, seçmə mərhələdəki ikinci qələbəmizdir. Qarşıda bizi Çexiya ilə oyun gözləyir. Rəqib güclüdür. Amma onlara qarşı oynaya, nəticə qazana bilərik. Əsas hədəfimiz komandanı bu oyuna ən yaxşı şəkildə hazırlamaqdır. Çexlərin güclü heyəti var. Bu rəqibdən xal almaq üçün çox güc sərf etməli olacağıq".
