Bədavi Hüseynov: Millini turnir cədvəlinin üst pillələrində görmək çox xoşdur
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Robert Prosineçki sizi Norveçlə oyunda son dəqiqələrdə meydana buraxdı. Bu, Çexiya ilə matç öncəsi sizə imkan yaratmaq üçün öncədən planlaşdırılmışdı?
- Xeyr, belə plan yox idi. Rəşad Sadıqov zədə alan kimi mən hazırlaşmağa başladım. Daha tez meydana çıxacağımı gözləyirdim. Çünki rəqib komandamızı güclü təzyiq altında saxlamağa çalışırdı. Amma baş məşqçi oyun sxemini dəyişmək istəmədi.
- Çexiyaya qarşı 90 dəqiqə oynamağa hazırsınız?
- Zədədən sonra "Fiorentina"ya qarşı bir hissə, "Qəbələ"yə qarşı 90 dəqiqə və Norveçlə görüşdə bir az oynamışam. Hiss edirəm ki, hələ çətinlik var. Amma tədricən özümə gəlirəm. Fikrimcə, qarşıdakı oyunda 90 dəqiqə oynaya bilərəm.
- Deməli, böyük ehtimalla start heyətdə oynayacaqsınız?
- Ola bilər ki, Rəşadın zədəsi olduğuna görə onunla risk etməsinlər. Belə olan halda meydana çıxa bilərəm. Amma hələ heyəti dəqiq bilmirik.
- Maksim Medvedev mərkəzdə sizi pis əvəz etmir. Ona görə heyətdəki yerinizi itirməkdən qorxmursuz?
- (gülür) Yox. Əksinə, komandada rəqabətin artması yaxşıdır. O, San Marino ilə görüşdəki kimi, Norveçə də qarşı yaxşı oynadı.
- Sizə elə gəlmir ki, çox tənqid olunan Elvin Yunuszadəyə görə, Qurban Qurbanov da "Qarabağ"da belə rotasiyaya əl ata bilər?
- Yunuszadə layiqli təsir bağışlayır. Bir oyuna görə nəticə çıxarmaq düz deyil. Nəzərə almaq lazımdır ki, o, uzun müddət oynamırdı. Maksimə gəlincə, onun cinahda daha faydalı olduğunu düşünürəm. Çünki o, müdafiə olunmaqla yanaşı, hücuma da yaxşı dəstək verməyi bacarır. İstənilən halda qərarları baş məşqçi verir və biz də bunu qəbul etməliyik.
- Çexiyaya qarşı necə oynayacağıq?
- Rəqib seçmə mərhələyə yaxşı start vermədiyindən hirslidir. Fikrimcə, biz yenə müdafiədən oynamalı olacağıq. Norveçlə oyunda belə oynadıq və fikrimcə, pis çıxış etmədik.
- Amma çex futbolçuların ustalıq səviyyəsi daha yüksəkdir...
- Bunu başa düşürük. Vuruşacağıq. Bu qrupda ancaq belə xal qazana bilərik. Buraya uduzmağa gəlməmişik. Xal qazanmaq istəyirik. Ən azı bir xal qazanmağa çalışacağıq.
- Turnir cədvəlinə baxırsınız?
- Bəli (gülür). Almaniya - Çexiya oyununa qədər vahid lider idik. Çox xoşdur. Başqa nə deyim?
- AÇ-2016-da çıxış edən Albaniya, İslandiya və Şimali İrlandiya kimi, Azərbaycan da DÇ-yə vəsiqə qazanmaqla tarix yaza bilərmi?
- Niyə də yox? Bu kollektivlərin oyununa diqqət edin. Hamısı istəkli oynamaqla, sona qədər mübarizə aparmaqla belə uğurlar qazandı. Böyük ustalıq səviyyəsinə malik olduqlarını demək olmaz. Bizdə də oxşar vəziyyətdir. Ən yaxşısına ümid edirik.
