Roman Qriqorçuk: Bu il daha güclü olduğumuzu sübuta yetirəcəyik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına maraqlı açıqlamalar verib. Azerisport.az sizi həmin açıqlamaların bəzisi ilə tanış edir:
"Azərbaycan çempionatı elədir ki, burada nəfəsini dərməyə vaxt yoxdur. "Qarabağ" ölkə çempionudur və fikrimcə, Ukrayna çempionatında mükafatçı üçlükdə dəmir kimi olardı. Buna heç bir şübhəm yoxdur. "Qəbələ də zəif deyil. Bəli, bizim büdcə "Şaxtyor" və "Dinamo"ya çata bilməz. Amma bu barədə danışmaq istəməzdim. Çünki bu, sadəcə, mənim işim deyil. Lakin sizə onu deyə bilərəm ki, "Çernomorets"in şəraiti indi "Qəbələ"dəkindən 3 dəfə yaxşı idi. Avrokuboklarda oynadığımız illəri deyirəm. Maliyyə şərtləri buradakından 3 dəfə yüksək idi. Bizdə çıxış etmiş bütün ukraynalılar əvvəllər "Çernomorets"də aldıqlarından 3 dəfə az qazanırdılar".
"Qəbələ"yə ona görə gəldim ki, avrokuboklarda oynaya biləcəyimizi anlayırdım. Ümumiyyətlə, "Qəbələ"də işləmək mənim üçün çox maraqlıdır. Bizə çox çətin idi. Çünki həm Avropa Liqasının qrup mərhələsində, həm də çempionatda oynayırdıq. Başa düşürəm ki, bu dövrü ötənilki ilə müqayisədə sürətlə keçməliyik".
"Həqiqəti deməliyəm və etiraf edirəm: "Qarabağ" bizdən güclü komandadır. Bunu açıq deyirəm. Amma hesab edirəm ki, biz bu il daha güclüyük. Fikrimcə, bunu sübuta yetirəcəyik".
"Maliyyə şərtlərinə gəlincə, hazırda büdcəyə dəqiqliklə əməl edirik. Mövsümün əvvəlində bilirdik ki, büdcəmiz azalacaq. Buna müdaxilə edə bilmərəm. Yəqin ki, hansısa problemlər var. İndi elə təəssürat yaranıb ki, böhran hər yerdə var".
"Qəbələ"ni ömürboyu işləmək istədiyimiz komandadırmı? Bunu heç kim deyə bilməz. Digər tərəfdən, top-klub səviyyəsində komandada işləmək istəmədiyimi deyə bilmərəm. "Qəbələ" sanballı səviyyəyə malik klubdur. Məndən çox şey asılıdır, amma hər şey yox. Hələlik, klubla müqaviləm mövsümün sonunadək qüvvədədir".
"Həyat yoldaşına Qəbələdə çox çətindir. Bunu digər futbolçuların həyat yoldaşlarında, hətta oyunçuların özlərində də görürəm. Onlara belə mühitdə uzun müddət olmaq çox çətindir. Hətta yüksək şəraitli oteldə yaşasan da, çətindir. Çünki ancaq oteldə yaşayırsan. Sənə harasa çıxmağa az yer var. Yaxşı bir neçə yer var. Ancaq sən onların hamısında olmusan. Görürəm ki, demək olar bütün futbolçular orada darıxırlar. Onlara hansısa daha dinamik həyat, çox insan görmək çatışmır”.
"Burada ukraynalılar niyə azdır? Bunu demək çətindir. Düzünü deyim ki, mən pasporta baxmıram. Əsas odur ki, futbolçu tələblərimə cavab versin və istədiyim futbolu oynamağa hazır olsun. Bizdə Alkesey Qay vardı. Düşünürdüm ki, o qalacaq. Ancaq mövsümün sonunda gördüm ki, Qay "Qəbələ”də qalmayacağı ilə bağlı özü üçün qərar verib. Nəticədə bir ukraynalımız azaldı. Aleksey Antonovla bağlı vəziyyət belədir ki, onu futbolçu kimi çox sevirəm. O, bizə Qazaxıstandan heç də yaxşı vəziyyətdə gəlməmişdi. Ancaq tez forma yığdı və yetərincə yaxşı oynayırdı. Sonradan yenə zədələndi və bu, onu sıradan çıxardı. Başa düşürdük ki, Aleksey başqa komandaya keçəcək. Mən ondan heç bir etiraz eşitmədim. Fikrimcə, bunu mənə deyərdi. Sergey Zenyovda səbəb fərqlidir. Onun real zədəsi vardı. Uzun müddət onun müalicəsi ilə məşğul oldu. Sağalan kimi də, toplanışımıza qatıldı".
"Azərbaycan məni məşqçi kimi necə dəyişib? Böyük təcrübə qazandırdı, çox şey öyrətdi. Daha güclü olduğuma əminəm. "Çernomorets"də gənc futbolçular var idi, içki içirdi, siqaret çəkirdi, gecələr yatmırdı. Azərbaycanda isə demək olar ki, belə məqamla qarşılaşmamışam, bilmirəm. Onlara içmək, çəkmək olmaz. Ramazan ayında necə işləyirik? Düzünü deyim ki, oyunçulara güzəşt edirik. Çünki insan səhərdən axşama qədər yeyib içmədən gündə iki dəfə məşq edə bilməz. Futbolçular özləri də müəyyən məqamları nəzərə alırlar. Məsələn, hamısı oruc tutmamağa çalışır. Onlar başa düşürlər ki, idmançı qidalanmalıdır. Amma yüz faiz dəqiqliyi ilə oruc tutan futbolçular da var".
"Oğlum balacadır. Yəqin ki, onun üçün valideynləri olan yerdə olmaq yaxşıdır. Rusdilli məktəbə gedir. Burada Ukrayna dilli məktəb heç yerdə yoxdur. Şadam ki, heç olmasa, bu imkan var. Oğlumla öz dilimizdə danışmağa cəhd edirəm, anası ilə isə daha çox rusca danışır. "Qəbələ” Futbol Akademiyasında futbolla da məşğul olur. Onda buna xüsusi istək görmürəm. Ancaq demək olmaz ki, oynamaq istəmir. Əlbəttə, oğlumun futbolçu kimi böyüməsini istərdim. Ancaq mən ona əsaslanacağam ki, futbolu superistedadlı insanlar oynamalıdırlar".
"Azərbaycan mətbuatına gəlincə, peşəkarlar çoxdur və onlarla normal dolanırıq. Ancaq yəqin ki, bir və ya bir neçəsi var ki, onlar futbola mane olan məqamlara toxunurlar. İnsanlar yalan yaza, özlərindən nəsə uydura bilər. Kimsə yazmışdı ki, Antonov həyat yoldaşımın qardaşıdır. İstərdim ki, Antonov kimi gözəl insan qohumum olsun. Ancaq təəssüf ki, biz qohum deyilik”.
