Vüqar Latviyada het-trik etdi, Orxan bir qol vurdu
Futbol üzrə Latviya birinci liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Yekabpils" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.
Vüqar bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 46-cı dəqiqədə mübarizəyə qoşulub.
Komandasının bombardiri olan Vüqar bu oyunda het-trikə imza atıb. O, 8, 30 və 37-ci dəqiqələrdə vurduğu qollarla matçın taleyini elə ilk yarıdaca həll edib. 71-ci dəqiqədə isə səhnəyə Orxan çıxıb və hesabı 4:0-a çatdırıb. Bundan 7 dəqiqə sonra futbolçularımızın komandası matçın yekun nəticəsini müəyyənləşdirib.
Bununla da Əsgərov vurduğu qolların sayını 35-ə çatdırıb. Həsənəliyev isə cari mövsümdə 10-cu qolunu vurub.
Qeyd edək ki, geridə qalan turlarda 56 xal toplayan "Olayne" 15 klub arasında 2-ci pillədə qərarlaşıb.
