Kamran Ağayev: Çexiyada da müsbət nəticə qazanacağımıza inanıram
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazanılan qələbədən sonra aralarında azerisport.az saytının əməkdaşının da yer aldığı bir qrup jurnalistin suallarını cavablandırıb:
- Bu görüşün qəhrəmanı sizsiniz, ya Maksim Medvedev?
- Mən nə etdim ki? Sadəcə, qol buraxmadım. Bu, böyük uğur hesab olunmur. Uğur komandanın qələbə qazanmasıdır. Bütövlükdə, çətin oyun alındı. Qələbə hesabını qorumaq üçün daha çox müdafiə olunmaq məcburiyyətində qaldıq. Məncə, baxımlı oyun sərgiləməkdənsə, belə qələbə qazanmaq yaxşıdır. Ümid edirəm ki, bundan sonra həm nəticələrimiz yaxşı olacaq, həm də oyunumuz.
- Bu görüşdə işiniz çox oldu...
- Hamımızın işi çox oldu. Meydanda hər kəs öz işini görməlidir. Belə oyunlarda qapıçıların da işi çox olur.
- Birinci hissədə vaxt öldürmək fikrində idiniz, ya əlcəyinizdə doğrudan da problem olduğu üçün onu dəyişdirdiniz?
- Meydança palçıq idi. Ona görə də əlcəyi dəyişməli oldum.
- İkinci hissədə epizodların birində çox qəzəbləndiniz. Nə baş vermişdi?
- Belə dinamik oyunda meydanda ayaq üstə qalmaq çox çətin idi. Buna əsəbləşmişdim. Həm də meydanda başqa cür oluram, indi isə gördüyünüz kimi, sizinlə sakitcə danışıram (gülür).
- Qazon xoşunuza gəlmədi?
- Çox yumşaq idi. Buna görə tez-tez sürüşürdük. Sanki, səməni üzərində qaçırdıq. Hətta oyundan bir gün əvvəl bizə burada məşq etməyə də icazə vermədilər ki, qazon korlana bilər.
- AFFA prezidenti Rövnəq Abdullayev oyundan sonra komanda ilə görüşdə iki qələbəyə görə mükafat söz verdi7
- Bu barədə dəqiq heç nə deyə bilmərəm. Çünki həmin vaxt mən paltardəyişmə otağında deyildim.
- Çexiya ilə oyundan nə gözləyək?
- Öncə oraya getməliyik. Bu oyun da çətin olacaq. Yenə döyüşkən xarakterimizi nümayiş etdirməliyik. Öz gücümüzə inanmağımız lazımdır. İnanıram ki, Çexiyada da müsbət nəticə qazanacağıq.
