Maksim Medvedev: Bu qələbə azarkeşlərimizin oyuna marağını daha da artıracaq
Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazanılan qələbədən sonra aralarında azerisport.az saytının əməkdaşının da yer aldığı bir qrup jurnalistin suallarını cavablandırıb:
- Matçla bağlı nə deyə bilərsiniz?
- Çox şadam ki, vacib xallar qazandıq. Uşaqlar yaxşı mübarizə apardılar. Bacardıqlarını meydanda etdilər. Mən də qol vurduğum üçün şadam. Bu, milli komandada ilk qolumdur. Bu tempdə davam etməyə çalışacağıq. Qarşıda Çexiya ilə oyun var. Bu görüşə hazırlaşacağıq.
- Qol epizodu zamanı necə cərimə meydançasında peyda oldunuz?
- Baş məşqçi standart vəziyyətlər zamanı mənim də hücumlara qoşulmağımı istəyir. Komandada balaca boya malik futbolçular çoxdur. Demək olar ki, ucaboylardan biri də mənəm. Ağabala yaxşı ötürmə etdi, mənim də qapıya zərbəm yaxşı alındı.
- Meydanın mərkəzində oyununuz alınır?
- Tədricən alışıram. Müdafiənin mərkəzində daha çox yığmada oynayıram. "Qarabağ"da təsadüfi hallarda elə olur. Qol vursam da, özümü 100 faiz göstərə bilmədim. Norveçlilərə qarşı ikinci mərtəbədə mübarizə aparmaq çox çətin idi.
- Bu qədər azarkeş gözləyirdiniz?
- Düzünü deyim ki, yox. Özüm də bilmədim ki, bu qədər azarkeş stadiona haradan gəldi (gülür). Onların bu dəstəyi bizim üçün yaxşı motivasiya oldu. Bizə əlavə güc verirdilər.
- Oyundan öncə komandamızın baş məşqçisinin və futbolçularının məbuat konfransına norveçli jurnalistlərin gəlməməsi sizi özünüzdən çıxarmamışdı?
- Əslində, bu, bizə lazım da deyildi. Oyundan öncə norveçlilərdən biri bizə demişdi ki, sabah sizdən üç xal alacağıq. Karyeramda ilk dəfə elə şey görürdüm. Gördüyünüz kimi, indi əliboş yola düşdülər. Fikrimcə, bir də elə söz deməzlər.
- Qazonun durumu oyununuza nə dərəcədə təsir göstərdi?
- İki gün öncə qazon daha pis vəziyyətdə idi. Heç məşq etmək də olmurdu. Matç vaxtı da qazon sürüşkən idi, amma ayaqda durmaq olurdu. Cəmi 20 günün qazonudur. Elə də çox deyil. Növbəti oyunlarda daha yaxşı olacağını düşünürəm.
- Növbəti matçınızın da bu arenada keçirilməsini istəyirsiniz?
- Mənim üçün harada oynamağın fərqi yoxdur. Azarkeşlər buraya gələcəklərsə, mənim üçün elə bu stadionda oynamaq yaxşıdır. Fikrimcə, bu qələbədən sonra fanatların marağı daha da artacaq.
