Rəşad Sadıqov: Baxımlı oyun indiki məqamda bizə lazım deyil
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazandıqları qələbədən sonra aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistin suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Erkən qol vurduq. Ondan sonra oyun istədiyimiz kimi getmədi. Oyundan öncə belə müdafiəyə qapanmaq kimi bir planımız yox idi. Oyuna ehtiyatlı başlamaq, daha sonra isə hücum etməyi düşünürdük. Amma erkən qoldan sonra ehtiyatlı davranmağa başladıq. Əsas odur ki, meydanda sonadək vuruşduq. Heç kim rəqibdən qorxmurdu. Halbuki, rəqibin heyətində güclü çempionatlarda oynayan futbolçular vardı. Amma biz duruş gətirdik və qələbə qazandıq. Albaniya, İslandiya kimi ölkələr də məhz belə əzmkarlığın sayəsində AÇ-2016-da mübarizə apardılar.
- Amma heç də parlaq oyun sərgiləmədiniz...
- İndiki məqamda bizə gözəl oyun yox, xal və xallar lazımdır. Bu gün yaxşı mübarizə aparmağımızın sayəsində qələbə qazandıq.
- Başqa da qol vurmaq şansınız oldu...
- Bəli, şanslar oldu. Onlardan yararlana bilməsək də, əsas qələbədir.
- Üç gün sonra Çexiyaya qarşı oynamaq çətin olmayacaq?
- Bir az çətin olacaq. Amma belə hallarla əvvəllər də qarşılaşmışıq. Məşqçilər korpusu yəqin ki, vəziyyətə uyğun müəyyən qərarlar qəbul edəcəklər. Qarşıdakı oyuna hazır olmaq üçün əlimizdən gələni edəcəyik.
- İlk yarıda zədə aldığınız epizodda sizi əvəzləmək istəyirdilər?
- Yüngül zədə aldım. Amma ciddi olmadığından sona qədər davam etmək istədim. Şikayətlənmirəm.
- Ramil Şeydayevin oyunu barədə nə deyə bilərsiniz?
- Oyuna çox fəal qoşuldu. Təhlükəli qol vəziyyəti də oldu.
- Təcrübəsi çatmadı?
- Hələ 20 yaşı var. Gələcəkdə çox vacib oyunçularımızdan biri olacaq.
- Qazon mane olmadı?
- Belə qazonda oynamaq çətin idi. Ot örtüyü yenidir. Amma belə olacağını bilirdik. Həm də problem hər iki komanda üçün idi. Şadam ki, bu, bizim qol vurmağımıza mane olmadı.
