Robert Prosineçki: Çexiya ilə oyuna fərqli heyətlə çıxacağıq
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilən oyunu şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:0 hesablı qələbə ilə bağlı öncə bunları söyləyib:
- Ötən gün çətin oyun olacağını demişdim. Şadam ki, komandam belə oyun sərgilədi və 3 xal qazandı. Sabah Çexiyaya yollaancağıq. Orada da belə oynamaq istəyirik. Bakıya xalla qayıtmağa çalışacağıq.
- Qələbə komandanı arxayınlaşdırmayacaq ki?
- Bunu indidən demək çətindir. Uşaqlarla söhbətim oldu. Onlara dedim ki, çox sevinmək lazım deyil. Cəmi üç gün sonra daha bir oyunumuz var. Amma yorğunluq hiss edirəm. Bəzi oyunçuları əvəz edəcəyəm. Qarşıdakı oyunda start heyət fərqli olacaq.
- Sizin üçün oyun daha önəmlidir, ya nəticə?
- Nəticə hər bir baş məşqçi üçün vacibdir. Üzərimizdə böyük təzyiq var. Çünki hamı bizdən nəticə, qələbə gözləyir.
- Ardıcıl iki qələbədən sonra komandada özünəinam artıb?
- Mən bura gələndə komandada böyük potensial olduğunu demişdim. Amma siz çox pessimist idiniz. Ötən tsikl də yaxşı oyunlarımız oldu. Mən bu komandaya inanıram.
- Azarkeşlərdən və meydançanın vəziyyətindən razı qaldınız?
- Azarkeşlərin dəstəyi gözəl idi. Bütün 90 dəqiqə ərzində yaxşı dəstək hiss etdik. Şadam ki, biz də onlara qələbə ilə cavab verə bildik. Qazona gəlincə, heç də yaxşı olduğunu deməzdim. Buna görə ötən gün burada hətta məşq etməyimizə də icazə vermədilər. Qazonun bu vəziyyətdə olmasının də qələbəmizdə rolu oldu. Ümid edirəm ki, növbəti oyunlarımızda daha yaxşı olacaq.
