Neftçinin zədəli futbolçularından xəbər var
"Neftçi" PFK-nın tibbi-bərpa mərkəzi komandanın zədəli futbolçularının hazırkı durumu ilə bağlı məlumat yayıb. Azerisport.az həmin məlumatla sizi də tanış edir:
"Komandamızın əsas heyətinin üzvü Elşən Abdullayev müalicə və bərpa prosesini davam etdirir. Futbolçu hazırda fərdi məşqlər edir. Yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunması planlaşdırılır.
Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir.
Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.
Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır".
