Rauf Əliyev: Hamımız milli komandaya bir məqsəd üçün toplaşmışıq
Futbol üzrə Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Norveçlə seçmə mərhələ oyunu öncəsi komandamızda atmosfer necədir?
- Hər şey yaxşıdır. Norveçlə oyuna tam hazırıq.
- Uzun müddətdən sonra milliyə qayıtdınız. Siz bu oyuna nə dərəcədə hazırsınız? Baş məşqçi Robert Prosineçki ilə xüsusi söhbətiniz oldu?
- Məndə də hər şey qaydasındadır. Amma Prosineçki ilə ayrıca söhbətimiz olmayıb.
- Milliyə dəvət almadığınız dövrdə bu barədə suallardan yorulduğunuzu deyirdiniz. Dəvət alacağınıza inanmırdınız?
- Yenidən yığmaya çağırılmaq gözəl hissdir. Amma zədəmi sağaldan sonra demişdim ki, formamı bərpa edib, yenidən milliyə qayıdacağam. Mən sanki futbola yenidən başladım. Gördüyünüz kimi, axır milliyə də dəvət aldım. Elə millidə də hər şey mənim üçün yenidən başlayır.
- Amma bu dəfə sizi millidə daha güclü rəqabət gözləyir. Ağabala Ramazanovla yanaşı, artıq Ramil Şeydayev də yığmaya dəvət olunur...
- Biz burada hamımız bir məqsəd üçün toplaşmışıq - yığmamıza fayda verməyə. Şeydayevin və ya başqa hücumçunun olmasının fərqi yoxdur.
- Norveç yığması barədə nə deyə bilərsiniz?
- Oyunlarına baxmışam. Yaxşı komandadır. Heyətində güclü futbolçular var. Coşua Kinqi xüsusi qey edərdim. Çox güclü hücumçudur.
- Matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun tam dolmayacağı indidən bəllidir...
- Mən də elə düşünürəm. Mənim şəxsi fikrim belədir ki, bu oyun "Dalğa Arena" və ya "Bakcell Arena"da keçirilsəydi, stadion tam dolu olardı.
- Sonuncu dəfə milliyə AÇ-2016-nın seçmə mərhələsində Maltaya qarşı oyunda dəvət almışdınız. O dövrlə müqayisədə nə dəyişib?
- Hə, onda mən son 15 dəqiqədə meydanda olmuşdum. Bu dəfə mənə nə qədər şans veriləcəyini bilmirəm. Amma istənilən halda yığmamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. Çox ümid edirəm ki, sevinən tərəf biz olacağıq.
