Orxan Hüseynzadə: Onun açıqlamasını şərh etməyə ehtiyac görmürük
"Neftçi"nin idman direktoru Orxan Hüseynzadənin azerisport.az saytına müsahibəsi
- Klublar Komitəsinin ötən gün baş tutan iclası ilə bağlı təəssüratlarınız necədir?
- Bir sıra vacib məsələlər müzakirə olundu. Bütövlükdə, məhsuldar iclas alındı.
- Legioner limitinin dəyişdirilməsi təklif olunur. Bununla bağlı "Neftçi"nin mövqeyi necədir?
- Bu məsələyə indidən baxmaq tezdir. Bizim mövqeyimizə gəlincə, legioner limiti ilk növbədə yığma komandamızın baş məşqçisinə mane olmamalıdır. Elitada klub sayının onsuz da az olduğunu nəzərə alsaq, legionerlərin sayı artacağı halda Robert Prosineçki üçün ümumiyyətlə seçim imkanı qalmayacaq. Legioner limitini artırmaq barədə yalnız Premyer Liqaya yeni klublar gələndən sonra düşünmək olar.
- Ötən gün kubokun da püşkü atıldı. "Neftçi" yarımfinalda böyük ehtimalla "Qarabağ"la qarşılaşacaq...
- İstənilən halda kubokda irəlilədikcə favoritlərin üz-üzə gəlməsi qaçılmazdır. Kubok yarışı üçün bu, normal haldır. Hədəfimiz mümkün qədər çox irəli getməkdir. Bizim üçün "Qarabağ" və ya digər komandalarla hansı mərhələdə üz-üzə gəlməyin fərqi yoxdur. Həm də yarımfinalda "Qarabağ"la qarşılaşmaq üçün ora qədər irəliləyimiz lazımdır. Eyni sözləri "Qarabağ" üçün də söyləmək olar.
- PFL rəhbərliyi bəyan etdi ki, kubokun final matçını Lənkəranda keçirmək istəyirlər. Amma "Neftçi" finala çıxsa, fərqli məkan seçəcəklər...
- Kubokun final matçının yerini müəyyənləşdirmək PFL-in işidir. Biz buna müdaxilə edə bilmərik. Mən yalnız onu deyə bilərəm ki, biz istənilən şəhərdə oynamağa hazırıq.
- "Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımovun sözlərinə görə, klubunuzun ona borcu qalıb. Həmin borcu nə vaxt bağlamağı düşünürsüz?
- İndiki məqamda Vəli Qasımovun açıqlamasını şərh etməyə ehtiyac görmürük.
