“Azərbaycana qol vurmaq, qalib gəlmək çətindir”
Futbol üzrə Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Azərbaycan və San Marinoya qarşı keçirəcəyimiz qarşıdakı iki oyunda 6 xal qazanmaq istəyirik. Amma Azərbaycan yığması çətin rəqib hesab olunur. Onlara qol vurmaq, qalib gəlmək çox çətindir. Onlarda futbola çoxlu sərmayə yatırılır. Heyətə cəlb olunan futbolçulardan yeddisi öz klublarının heyətində Avropa Liqasında çıxış edir".
Baş məşqçi komandanın əsas hücumçusu Coşua Kinqin bu gün baş tutan məşqi buraxmasının səbəbini də açıqlayıb: "Ötən məşqdə o, əzələsini dartmışdı. Ona görə də bu gün riskə getmək istəmədik. Əminəm ki, o, Bakıdakı oyunda meydana çıxa biləcək".
"Bütövlükdə, məşqlərimiz həmişəki kimi davam edir. Digər oyunlara necə hazırlaşırdıqsa, bu görüşlərə də elə hazırlaşırıq. Düzdür, bəzi futbolçularımız bizimlə deyil. Amma belə itkilərlə ilk dəfə üzləşmirik".
Norveçlilərin çalışdırıcısı bir daha Bakıda qələbə qazanmağın onlar üçün asan başa gəlməyəcəyini vurğulayıb: "Bizi çətin oyun gözləyir. Azərbaycanla səfər oyununda 3 xal qazanmaq çox çətin olacaq". (TV2.no)
