Ramin Musayev: Hakimlər Avropada PFL və AFFA-nı yox, Azərbaycanı təmsil edir
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün baş tutan Azərbaycan Kubokunun yeni mövsümünün püşkatma mərasimindən sonra jurnalistlər üçün mətbuat konfransı keçirib. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Kubokun finalı harada keçiriləcək?
- Final matçını regionlardan birində keçirmək ideyası var. Çox istrədim ki, final Lənkəranda baş tutsun. Amma "Xəzər Lənkəran"ın yoxluğu öz sözünü deyir. Həm də "Neftçi" finala çıxsa, finalı orada keçirmək ümumiyyətlə, düzgün olmaz. Yenə azarkeşlər arasında hansısa xoşagəlməz hallar yaşana bilər. "Neftçi" finala çıxmasa, bu variant barədə düşünmək olar. Stadionun qazonu da imkan versə, niyə də final Lənkəranda olmasın? Ancaq "Neftçi" finala çıxsa, final qarşılaşmasını Gəncədə keçirəcəyik. Həlledici oyundan üç gün əvvəl jurnalistləri də səfərə aparacağıq. Onların bizə dəstəyi lazımdır.
- "Bakılı" - "Zaqatala" matçın paytaxt klubunun prezidentinin oğlu baş hakim Ömər Paşayevi təhqir etdi. Bununla əlaqədar hansı addımlar atılacaq?
- Bundan xəbərim var. Oyunun videoyazısına da baxmışam. Azarkeşlər "Bakılı"nın ilk qoluna çox pis reaksiya verdilər və hakimi söyməyə başladılar. Bu insanlar hakimin haqlı olub-olmadığına baxmırlar. Ona görə də belə xəstələrə fikir verməmək lazımdır. Mən hakimi qorumuram, o, cəzalanacaq. Sabah "Bakılı"nın da prezidentini çağırıb, söhbət edəcəyəm. Bu hal bir də təkrarlansa, daha sərt qərarlar çıxarıla bilər.
- Ölkə kubokuna sponsor tapa bilmədiniz?
- Turnirin sponsoru biz özümüzük. Təkliflər var idi, amma alınmadı.
- "Kəpəz" kimi klubun bazası pis vəziyyətdədir. Gəncə klubunun rəhbərliyi ilə bu barədə söhbətiniz olub?
- "Kəpəz"ə kimin rəhbərlik etdiyini bilmirəm. Klubun rəhbərliyi varsa, gəlsin, oturaq, söhbətləşək. Mən oraya getmirəm və hazırlaşmıram da.
- "Mil-Muğan"a siz rəhbərlik edirsiniz?
- Bu klub mənim nəzarətim altındadır. Bu klubda çalışan məşqçilərdən də xahiş etmişəm ki, mənə qələbə lazım deyil, əsas yaxşı oyun və oyunçulardır. Tələsmək lazım deyil. Qarşıda hələ ikinci dövrə də var. Yanvardan sonra limit də dəyişəcək. "Mil Muğan" çempionatın startına 10 gün qalmış yığılıb.
- Son aylarda hakimlər də futbolçular, azarkeşlər kimi söyüş söyməyə başlayıblar. Niyə?
- Açıq danışaq. "Qəbələ" - "Sumqayıt" matçında İnqilab Məmmədovu niyə söyürdülər? Çünki o, "Sumqayıt"a qarşı düzgün qərar qəbul etmişdi. Hakim də insandı, hər birinin anası, bacısı, namusu var. Başa düşürəm ki, bu, qanuni deyil. Amma hakimlərə demişəm ki, sizə qarşı çaşan adamı 90 dəqiqədən sonra vurun, aşırın, mən sizin yanınızdayam. Hakimlərin işini qiymətləndirmək lazımdır. Bu hakimlər Avropada AFFA-nı, PFL-i yox, Azərbaycanı təmsil edirlər. Elvin Yunuszadə meydandan qovulanda təzyiqim qalxdı. Amma çempionat oyunlarında hər belə səhv şişirdilir.
