Fikrət Hüseynov Klublar Komitəsinin qəbul etdiyi qərarları açıqladı
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasdan sonra KK sədri, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov jurnalistlərin suallarını cavablandırıb:
"Bir aydan çox idi toplaşmırdıq. Vaxt tapmaq olmurdu. Bu gün beş məsələ müzakirə olundu. Lisenziyalaşdırma qrupunun rəhbəri də bu prosesdə iştirak etdi. Problemlərdən söz açdı, yeniliklərdən xəbərdar etdi.
İkinci məsələ "Qəbələ"nin təklifi ilə bağlı idi. U-19 Liqasının üç dövrədə keçirilməsini istəyirlər. Amma belə qərara gəlindi ki, uşaqlar üçün bu sistemlə oynamaq çətin olar. Buna görə də ilk dördlükdə qərarlaşan komandalar çempionu müəyyənləşdirmək üçün mini-turnirdə üz-üzə gələcəklər.
Limitlə də bağlı müzakirələr oldu. Hazırda limit 6+5-dir, altı legioner, 5 yerli futbolçu eyni vaxtda meydanda ola bilir. "Qəbələ" və "Qarabağ" limitin7+3+1 olmasını istəyir. Biz bu təkliflə AFFA İcraiyyə Komitəsinə müraciət edəcəyik.
Çempionatın reqlamentində yazılıb ki, bir klub elitanı tərk edəcək, Birinci Diviziondan isə üç komanda elitaya yüksələcək. Amma burada müəyyən reallıqlar da var. İK-ya belə bir müraciət hazırlayacağıq ki, Birinci Divizionun ilk iki yeri tutan komandası birbaşa elitaya yüksəlsin. Üçüncü yeri tutacaq komanda isə elitanın sonuncusu ilə pley-off qarşılaşması keçirsin. Qalib tərəf elitada oynasın".
