4 oktyabr 2016 18:40
Samir Abasov: Vaqif Cavadov milliyə faydalı olardı
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov komandasının hücumçusu Vaqif Cavadovun millimizə dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hansı məşqçidən soruşsanız, komandasından mümkün qədər çox futbolçunun millidə oynamasını arzuladığını söyləyər. Bu, həm klub, həm də məşqçi üçün yaxşıdır. Mən də Vaqifi millidə görmək istəyərdim. Amma mənimlə Robert Prosineçkinin fikirləri üst-üstə düşmür. Halbuki, Vaqifin yığmamıza fayda verəcəyini düşünürəm. Cavadov millidə oynamaq eşqilə alışıb-yanır. Millimizə də məhz belə futbolçular lazımdır. Lakin xorvatiyalı mütəxəssis belə qərar qəbul edib və bizə də buna hörmətlə yanaşmaq qalır".
