Filip Ozobiç: Qarabağdan daha yaxşı oynadıq
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra aralarında azerisport.az saytının əməkdaşının da yer aldığı bir qrup jurnalistin suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz...
- Yaxşı matç keçirdik. Rəqibdən daha yaxşı oynadıq və layiqli qələbə qazandıq.
- İkinci hissədə komandanız daha çox müdafiə olundu. Bunu öncədən belə planlaşdırmışdınız?
- Xeyr. Sadəcə, "Qarabağ" güclü komandadır. Onlar məğlub durumda olduqları üçün hücuma atıldıqlarından geri çəkilmək məcburiyyətində idik.
- Qolunuz çox gözəl alındı...
- Şadam ki, qol vurdum, komandamın qələbə qazanmasına kömək etdim. Topu qapıçının başı üzərində tora qovuşdurmağı düşünməmişdim. Sadəcə, boş zona tapan kimi qapıya zərbə vurmaq qərarına gəldim və qol alındı.
- Avropa Liqasından sonra belə ağır oyuna çıxmaq çətin deyild?
- Əlbəttə, çətindir. Amma biz bərpa ola bildik. Bundan sonra bir qədər istirahət imkanımız olacaq.
- Sizi tez-tez ikinci hissədə əvəzləyirlər. Belə tez yorulansınız?
- Sadəcə, çox oynayırıq. İki gün öncə Avroliqa matçında da oynamışdım.
- Bu qələbənizi çempionluq yolunda ilk real addım saymaq olar?
- Bəli. Şansımız pis deyil. Sadəcə, belə oynamaq, bu tempdə davam etmək lazımdır.
