Fərhad Vəliyev: Rəhbərlik qarşımıza belə bir hədəf qoymayıb
"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- "Sumqayıt" iki xal itirdi, ya bir xal qazandı?
- İki xal itirdik. Qələbəyə inanırdıq. Bu mövsüm hələ ev oyunlarında qələbə qazana bilməmişik. Halbuki, səfərdə iki qələbəmiz var. Buna görə də AZAL-la oyunda doğma azarkeşlərimiz qarşısında da qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Birinci hissədən sonra baş məşqçi müəyyən dəyişiklər etdi, bir xal qazandıq.
- Demək olar ki, bütün oyun ərzində azarkeşlərdən biri sizin ünvanınıza nəsə qışqırırdı. Bu, sizə mane olmurdu?
- Bəli, onun sözlərini eşidirdim. Hər cür azarkeş var. Onlar istədiklərini deyə bilərlər. Yaxşı da deyərlər, pis də. Bunlara fikir vermirəm. Ancaq öz oyunum barədə düşünürəm.
- "Neftçi" üzərində qələbədən sonra AZAL-la oyunda xal itirmək təəccüblü görünmürmü?
- Əlbəttə, elədir. Amma qapımıza vurulan erkən qol oyunumuza çox təsir etdi.
- Yəqin ki, komanda arxayınlaşmışdı...
- Ola bilər. Əslində biz bu oyunda erkən qol vurmağa çalışsaq da, alınmadı, əksinə oldu. Həmin qol planlarımızı korladı.
- "Sumqayıt" bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə apara biləcək?
- Rəhbərlik qarşımıza belə bir hədəf qoymayıb. Onlar bizdən hər oyunda mübarizə aparmağı, yaxşı oyun göstərməyi gözləyirlər. Hər oyunda qələbəyə oynayırıq. Rəqiblərdən çəkinmirik. Neçənci yeri tutacağımızı isə zaman göstərəcək.
- Hakimi tez-tez alqışlayırdınız. Hətta bir epizodda referidən penalti tələb edirdiniz...
- Həmin epizodda top rəqibin əlinə dəymişdi. Bunu beşinci hakim də gördü. Bilmirəm görmək istəmirlər, ya nədir. Matça cəmi 3 dəqiqə əlavə etdilər, halbuki, 5 dəqiqə əlavə etməli idilər. Çünki dayanmalar çox olmuşdu.
- Keçmiş klubunuz "Qarabağ"ın İtaliyada "Fiorentina"ya 1:5 hesabıyla uduzmasını necə qarşıladınız?
- Həmin oyuna baxdım. "Qarabağ" matça yaxşı başlamışdı. Rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər də yaradırdılar. Amma qırmızı vərəqədən sonra müdafiədə problemlər yaranmağa başladı. Bu məğlubiyyət "Qarabağ"a pis təsir edəcək. Amma inanıram ki, komanda özündə güc tapıb qarşıdakı oyunlarda qələbə qazana biləcək. Ümid edirəm ki, "Qarabağ" pley-offa çıxacaq. Qurban Qurbanova və mənə doğma olan bu komandaya uğurlar arzulayıram.
