Katalin Tira: Fasilə Neftçi üçün daha da faydalı olacaq
"Neftçi"nin hücumçusu Katalin Tira Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Qələbə qazandığımız üçün şadam. Xüsusilə də belə ardıcıl məğlubiyyətlərdən sonra. Artıq uğursuzluqlarımız geridə qaldı. Ümid edirəm ki, belə də davam edərik.
- Sizcə, bu, yeni seriyanın başlanğıcı olacaq...
- Əminəm ki, komandamızın nəticələri daha da yaxşılaşacaq. Bundan sonra elə məğlubiyyətlər olmayacaq. Fasilə bizim üçün vacibdir. Yeni baş məşqçimiz var. Daha yaxşı məşq etməyimiz üçün zamanımız olacaq.
- Premyer Liqada ilk qolunuzu vurdunuz. Niyə əvvəlki oyunlarda fərqlənə bilmirdiniz?
- Hər şey məndən asılı deyil. Futbol komanda oyunudur. Əsas qələbədir, kimin qol vurması yox.
- Deməli, komanda yoldaşlarınızdan əvvəlki matçlarda lazımlı dəstək görmürdünüz?
- Heç kimi günahlandıra bilmərəm. Bizim ümumi hədəfimiz var - qələbə qazanmaq. Bu yolda hər kəsin öz öhdəliyi var.
- Qoldan sonra sevincinizi baş məşqçi ilə bölüşdünüz...
- Səbəbi var. Amma bunu sizə demək istəməzdim. Çünki öz aramızda olan söhbətdir.
- Ona qol sözü vermişdiniz?
- Belə deyək: o, mənə özünəinamı qaytardı, mən də ona qol vurmağa söz verdim.
