Samir Musayev: Reynaldo indi Qarabağı öz arxasınca apara bilmir
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev komandanın cari mövsümdəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, Ağdam klubunun işləri həm çempionatda, həm də avrokuboklarda yaxşı gedir. Qurban Qurbanovun da ixtiyarında yetərincə futbolçu var ki, hər iki turnirdə uğurlu çıxış edə bilsinlər. Məncə, "Qarabağ"ın heyətindəki hər bir futbolçu Avopa Liqasında oynayacaq gücdədir. Bu klubun bircə problemi var, o da Premyer Liqanın əksər iştirakçılarının "Qarabağ"dan çox zəif olmasıdır.
Qarşıdakı "Fiorentina" ilə oyuna gəlincə, "Qarabağ" səfərdə həmişə yaxşı çıxış edir. Onlar İtaliyada heç-heçə edə bilərlər. Komandamız "Slovan"a qarşı oynadığı kimi mübarizə aparsa, İtaliyada uduzmayacaq. Futbolçular böyük istəklə, amma soyuqqanlı çıxış etməlidirlər, öz şanslarını gözləməli, ələ düşən fürsətlərdən maksimum yararlanmalıdırlar. Dino Ndlovudan qol gözləyirəm. Düzdür, indi Reynaldo komandanı öz arxasınca apara bilmir. Əvəzində Rəşad Sadıqov var. Braziliyalı futbolçuya nə olduğunu bilmirəm. Ümid edirəm ki, Qurban Qurbanov bunu bilir".
