Elvin Yunuszadə: Həmin epizodda heç nədən qol buraxdıq
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- Bu gün "Zirə" ilə qarşılaşacaqsınız. Komandanız Avropa Liqasında Çexiya "Slovan"ına qarşı keçirdiyi ağır oyundan sonra özünə gələ bilib?
- Bəli, hər şey qaydasındadır. Bütün diqqətimiz "Zirə" ilə oyuna yönəlib. Hər şey yaxşı olacaq.
- Hədəfiniz?
- Yalnız qələbəyə oynayacağıq.
- Razısınız ki, "Zirə" indiki halda "Qarabağ"dan xal alacaq vəziyyətdə deyil?
- "Zirə" yaxşı komandadır. Asanlıqla təslim olan rəqiblərdən deyil. Çətin oyun olacağını bilirik. Amma istənilən halda hədəfimiz qələbə qazanmaqdır.
- "Slovan"la oyunda niyə qələbə qazana bilmədiniz?
- Həmin oyunda da qalib gəlməyi çox istəyirdik. Amma çoxlu qol şansını boşa verdik. Onları reallaşdıra bilsəydik, hər şey tam fərqli ola bilərdi.
- "Qarabağ" 11 saniyəyə qol buraxmaqla Avroliqanın tarixinə düşdü. Bu şokdan necə ayıldınız?
- Həmin epizodda bizim bəxtimiz gətirmədi. Heç nədən qol buraxdıq.
- Bədavi Hüseynovun yoxluğunda müdafiənin mərkəzində Rəşad Sadıqovla siz çıxış edirsiniz. Xəbəriniz var ki, sərgilədiyiniz oyuna görə çox tənqid olunurunuz?
- Məni tənqid edirlər? Rəşad tək mənə yox, bütün futbolçulara kömək edir. Yalnız bunu deyə bilərəm.
- İlk oyunda cəmi 1 xal qazanmağınızı necə qiymətləndirirsiniz?
- Belə turnirlərdə qazanılan hər xal önəmlidir. İki il öncə məhz 1 xal komandanı qrupdan çıxara bilərdi.
- Bəs bu mövsüm qrupdan çıxa biləcəksiniz?
- Hələ bu barədə danışmaq tezdir. Amma biz bunu çox istəyirik və fikrimcə, bacara bilərik.
