Şahin Diniyev: Çempionatın ən maraqlı oyunlarından biri oldu
Topaz Premyer Liqasının 5-ci turunda keçirilən “Sumqayıt” – “Kəpəz” (1:1) oyunundan sonra reallaşan mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları deyib:
“Çempionatın ən maraqlı, yaxşı oyunlarından biri oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi və ona görə də müdafiədə oturmamışdı. Həm biz, həm də rəqib hücuma hücumla cavab vermək istəyirdi. Azarkeşlər üçün də bol qol epizodları olan matç oldu. Bu oyunda “Sumqayıt” və ya “Kəpəz” qalib gələ bilərdi. İkinci hissədə komandamız pis oynamadı. Uşaqlara təşəkkür edirəm. İtkilərimiz vardı. Müdafiədə problemlərimiz yaranmışdı və qol epizodunda bu özünü büruzə verdi. Arxa xətdə dəyişiklik etmişdik, mənə elə gəlir Azad Kərimov da bu mövsüm ilk dəfə start heyətində yer almasına baxmayaraq, işinin öhdəsindən gəldi".
