Səlahət Ağayev: 0:8 bizdə də arxayınlıq yaratmışdı
"İnter"in kapitanı Səlahət Ağayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi" üzərində qələbə qazandıqları oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- "Neftçi" üzərində qələbəni böyük coşqu ilə qeyd etdiniz...
- Bu, normaldır. Qələbə çox çətinliklə başa gəldi. Hansı ki, bu 3 xal bizim üçün çox vacib idi. "Neftçi" ötən tur "Qəbələ"yə 0:8 hesabıyla uduzduğuna görə komandamızda bir qədər arxayınlıq yaranmışdı. Biz yalnız buraxdığımız qoldan sonra özümüzə gəldik.
- Penalti təyin olunduğu epizodda qayda pozuntusu var idi?
- Bəli, "Neftçi"nin futbolçusuna qarşı qayda pozulmuşdu. Bu oyunda uduza da, heç-heçə də edə bilərdik. Amma uşaqların əzmkarlığı sonda bizə qələbə gətirdi.
- "Qəbələ"nin asanlıqla yendiyi komandaya belə çətinliklə qalib gələcəyinizi gözləyirdiniz?
- Bu qədər çətin olacağını gözləmirdim.
- Matçın gedişatını dəyişəcəyinizə inanırdınız?
- Düzünü desəm, yox. Heç-heçə edəcəyimizi düşünürdüm.
- Rauf Əliyevi bu dublundan sonra DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinə dəvət etmək olar?
- Buna artıq millinin baş məşqçisi qərar verir. Mən bu barədə heç nə deyə bilmərəm. Amma hücumçu qol vurursa, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Onu yenidən milliyə dəvət etmələri çox yaxşı olar.
