Elxan Abdullayev: Məğlub olsaq da, razı qaldım
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Son dəqiqələrdə məğlubiyyətlə üzləşmək çox üzücüdür. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Amma bu oyundan razı qaldım. Uşaqlar istəkli oynadılar. Səhvlərimizin nədən ibarət olduğunu bilirəm. Növbəti oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Bu gün iştirak ərizəmizdə cəmi 14 futbolçu var idi. Jayro da zədə alandan sonra mənim kimisə əvəz etmək şansım yox idi. Ehtiyat oyunçular skamyamız çox qısadır. "Neftçi"nin "Qəbələ"yə 0:8 hesablı məğlubiyyəti ilə müqayisədə bu məğlubiyyət mənim üçün daha şok effekti yaratdı. Çünki böyük hesabla uduzduğun matçın gedişində artıq meydanı məğlub tərk edəcəyini bilirsən. Amma bu gün son saniyələrdə buraxdığımız qola görə uduzduq".
