18 sentyabr 2016 15:00
Vitali Borisov: İranla matçda şanslarımız bərabərdir
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov DÇ-2016-da İrana qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mərakeşə, İspaniyaya qarşı yaxşı oynadıq. İlk oyunda üstünlük tamamilə bizim əlimizdə idi. Bunun da nəticəsində 5:0 hesablı qələbəyə sevindik. İspanlarla oyunda isə bərabər səviyyəli oyun getdi. Amma həmin gün uğur bizim tərəfimizdə olmadı. İki avtoqol da bunu sübut edir. Həmin məğlubiyyətə görə çox məyus olduq. Qrupda cəmi bir oyunumuz qalıb. Bu oyun bizim üçün çox vacibdir. Qrupda kimin qalacağına, kimin mərhələ adlayacağına bu oyun aydınlıq gətirəcək. Yaxşı nəticə qazanmağa çalışacağıq. Şanslar bərabərdir".
