Serjinyo: Əminəm ki, Kamran Ağayev üçün Boaviştada hər şey yaxşı alınacaq
"Kəpəz"in portuqaliyalı yarımmüdafiəçisi Serjinyo Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- "Sumqayıt" mövsümün əvvəlindən qeyri-sabit çıxış edir. Bu rəqiblə görüşünüzdən nə gözləyirsiniz?
- Çətin oyun olacağını bilirik. Çünki onlar da bizim kimi, xal və xallar qazanmaq istəyirlər. Bundan öncəki oyunumuzda qalib gəldik, gözəl oyun sərgilədik. Qarşıdakı oyunda da hədəfimiz eynidir. "Sumqayıt"la matça ciddi yanaşırıq. Çünki rəqibin heyətində çoxlu yaxşı futbolçu çıxış edir.
- Bu, sizin Azərbaycandakı ilk mövsümünüzdür. Çempionat sizə maraqsız deyil?
- Əlbəttə, yox. Əksinə, çox maraqlı çempionat olduğunu düşünürəm. Klubların səviyyəsi də yaxşıdır, ciddi rəqabət var. Kifayət qədər maraqlı çempionat keçdiyini düşünürəm.
- Sizcə, çempionatın favoriti hansı klubdur?
- Mənim bir favoritim var - "Kəpəz"!
- Komandanızın çempion olacağını düşünürsünüz?
- Hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Hər dəfə meydana bu istəklə çıxırıq. Rəqibin kim olmasının da fərqi yoxdur. Mümkün qədər çox xal toplamaq istəyirik. Topladığımız xalların neçənci yeri tutmağımıza bəs edəcəyini isə mövsümün sonunda görəcəyik.
- Amma ilk qələbənizi yalnız ötən tur Gəncədə "Zirə" ilə oyunda əldə edə bildiniz...
- Biz bu matçda öz oyunumuzu tapa bildik. Matça çox yaxşı başladıq və elə də davam etdik. Düzdür, "Zirə" hərdən oyuna nəzarəti ələ alırdı. Amma fasilədən sonra üstünlük bizdə idi. Layiqli qələbə qazandıq.
- Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin "Boavişta"ya keçidini necə qarşıladınız? Sizcə, o, Portuqaliyada özünü göstərə biləcək?
- Bu keçiddən xəbərim var. Yaxşı transfer olduğunu düşünürəm. Əminəm ki, Kamran üçün orada hər şey yaxşı olacaq. "Boavişta" ölkəmizdə ən çox hörmət bəslənilən klublardan biridir. Böyük tarixi var. Çox yaxşı komandadır, burada oynamağa dəyər. Ümid edirəm ki, Kamranın bu klubdakı işləri yaxşı alınacaq.
