Həşimov: Qarabağın Fiorentina ilə səfərdə heç-heçəsi də böyük uğur olacaq
"Qarabağ"ın sabiq futbolçusu Zaur Həşimov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" çətin rəqibə qarşı oynayırdı. Onlar komandamızı yaxşı analiz etmişdilər. Müdafiədə də boşluqlar var idi. Əfsuslar olsun ki, Reynaldo ilə Dani Kintana ələ düşən imkanlardan yararlana bilmədilər. Əvəzində "Qarabağ" iki çətin qol vurmaqla 1 xal qazanmağı bacardı. Mənə elə gəlir ki, meydan amili də bu heç-heçədə rol oynadı. Tofiq Bəhramov adına respublika stadionunda oynamaq daha yaxşı olardı. "Qarabağ" qələbəyə bərabər heç-heçə etdi. Rəşad Sadıqovun qolu isə mənim üçün gözlənilməz olmadı. O, matçın əvvəlki dəqiqələrində də bir neçə dəfə şansını yoxlamışdı, sonda istəyinə çatdı. Rəşad qol vurmağı bacaran müdafiəçilərdəndir. Növbəti matça gəlincə, İtaliya "Fiorentina"sı ilə səfər matçında heç-heçə də "Qarabağ" üçün böyük uğur olacaq".
