Elxan Abdullayev: Cəmi 16 futbolçumuz var, heç bir yerdə belə şey görməmişəm
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq plan üzrə gedir. Əsas odur ki, komandanı psixoloji cəhətdən oyuna hazır edək. Bu vəziyyətdən çıxmağımız lazımdır. Buna nə dərəcədə nail olduğumuzu sabah görəcəyik. Komandada cəmi 16 futbolçu var. Başa düşə bilmirəm ki, niyə bu qədər az futbolçu sifariş olunub. Heç bir komandada belə bir şey görməmişdim. Görmüşük ki, hər komandada hər mövqeyə azı iki futbolçu olar. Amma mənim heç bir seçim imkanım yoxdur. Ehtiyatda cəmi dörd futbolçu və bir qapıçı qalacaq. Buraya heyətlə bağlı digər itkiləri də əlavə etsək, seçim imkanı ümumiyyətlə qalmır. Nəyisə dəyişmək də mümkün deyil. Transfer pəncərəsinin açılmasını gözləyəcəyik. Yalnız o vaxt heyəti gücləndirmək olar".
