Dani Kintana: Qarabağ iki xal itirdi, amma uduza da bilərdik
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Matça bütövlükdə nəzər salsaq, demək olar ki, iki xal itirdik. Amma uduza da bilərdik. Son dəqiqələrdə qol vurmağı, hesabı bərabərləşdirməyi bacardıq. Fikrimcə, heç-heçə də pis nəticə deyil".
İspaniyalı futbolçu matçın 1-ci dəqiqəsində buraxdıqları erkən qoldan da söz açıb: "Erkən qol buraxmaq həmişə pis təsir edir. Çünki ondan sonra toparlanmaq çətin olur. Amma biz vaxtında toparlana və bərabərlik qolunu vurmağı bacardıq. Hətta fasiləyə hesabda öndə də yollana bilərdik. Təəssüf ki, buna nail ola bilmədik".
Onun sözlərinə görə, Bədavi Hüseynovun müdafiədəki yoxluğu oyunlarına ciddi təsir göstərməyib: "Bədavi komandanın aparıcı futbolçularından biridir. Amma onun yoxluğunun müdafiə xəttindəki oyunumuza ciddi təsir göstərdiyini düşünmürəm. Çünki qolları sırf müdafiə xəttinin səhvlərindən buraxmadıq. Bu səhvlər bütövlükdə komandanın çıxışının nəticəsi idi".
Kintana "Qarabağ"ın bu oyunda çoxsaylı qol imkanlarını boşa verməsinə də münasibət bildirib: "Ötən oyunda üç qol vurmuşduq. Alınmayanda alınmır. Nə etmək olar?... Amma problem yoxdu, siz əvəzimizdə meydana çıxıb, oynaya bilərsiniz".
