Vassura: İran dişimizə görə rəqibdir
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vassuranın azerisport.az saytına müsahibəsi
- DÇ-dəki ikinci oyunda İspaniyaya məğlub olmağınızı necə şərh edərdiniz?
- Dünyanın ən yaxşı komandasına qarşı oynayırdıq. Onlar çox yaxşı təsir bağışlayırlar. Amma biz də pis oynamadıq, aqressiv mübarizə apardıq. Lakin bu, qələbə qazanmağımız üçün yetərli olmadı. Ələ düşən qol şanslarından daha yaxşı yararlanmağımız lazım idi.
- Siz yenə üç qol vurdunuz, amma bu dəfə ikisini öz qapımıza...
- Hər iki halda uğur qətiyyən mənim yanımda olmadı. Təəssüf ki, iki avtoqola ima atdım. Komandamı xilas etmək istədiyim halda tam fərqli duruma düşdüm. Bunlar mənim səhvim idi.
- İspaniyaya qarşı daha yaxşı oynamağımıza nə mane oldu?
- Biz ikinci hissəni ilk yarıdakı kimi keçirə bilmədik. İspanların ehtiyat oyunçular skamyası da çox genişdir. Onlar bundan da yaxşı yararlandılar.
- Komandamızın qrupda ikinci olmaq şansı var?
- Bəli. Özü də çox yaxşı. Bunun üçün sadəcə, İran yığmasına qarşı yaxşı oynamaq lazımdır. Dünyanın istənilən komandası ilə qarşılaşmağa hazırıq. İspaniya ilə oyunumuz da bunu göstərdi. Özü də buna iki aylıq işin nəticəsində nail olmuşuq. Vaxtımız daha çox olsaydı, indi bundan da yaxşı nəticələrimiz olardı.
- İrana qalib gələ biləcəyik?
- Bəli. Rəqib zəif deyil, amma dişimizə görədir. İranlıların necə oynadığını bilirik.
