Rəşad Sadıqov: Hücumda oynamağa gücüm bəs etməz
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin cavablarla tanış edir:
- Matçla bağlı nə deyə bilərsiniz?
- Oyunun çətin olacağını bilirdik. Rəqib bizi çox yaxşı analiz etmişdi. "Slovan" bizə hücum etməyə imkan vermirdi. Buraxdığımız ilk qol çox gözlənilməz alındı. Hər iki komanda topa sahib olmağa çalışırdı. Birinci hissədə böyük istəklə oynasaq da, istəyimizə çata bilmədik. Fasilədə baş məşqçi irəli getməyi tapşırdı. Qələbə qolunu vurmağı çox istəsək də, şansları boşa verdik. Rəqibin ikinci qolu da gözlənilməz oldu. Yenə də öz səhvimizdən qol buraxdıq. Xoşbəxtlikdən matçın sonunda məğlubiyyətdən xilas ola bildik.
- Bu, sizin Avroliqada ardıcıl ikinci qolunuzdur. Bəlkə hücumameylli yarımmüdafiəçi kimi oynayasınız?
- Hücumda oynamağa gücüm bəs etməz. Hücumda oynamağı hər kəs istəyir. Amma bunu bacarmaq da lazımdır.
- Bu dəfə "azərbaycansayağı korner"dən istifadə etmədiniz. Niyə?
- Əslində, bunu istəyirdik. Hətta bir epizodda bəxtimizi də sınadıq. Amma rəqib qapıçı qola imkan vermədi.
- Ev oyunundakı heç-heçə ilə qrup mərhələsinə yaxşı start vermədiyinizi söyləmək olar?
- Fikrimcə, hər şey qaydasındadır. Etiraf edim ki, hesab 1:2 olanda artıq bizim üçün hər şeyin bitdiyini düşünməyə başladım. Çünki vəziyyəti dəyişməyimiz mümkünsüz görünürdü. Belə hesab etmək olar ki, biz bu gün 1 xal qazandıq, "Slovan" isə iki xal itirdi.
- Amma bütövlükdə bu oyunda "Qarabağ"ın qol vəziyyətləri daha çox idi...
- Elədir. Amma vura bilmədik. "Slovan"ın isə iki qoldan başqa hansısa təhlükəli vəziyyəti olmadı.
- Növbəti oyun İtaliyanın "Fiorentina" klubuna qarşı olacaq. Nəyə ümid edirsiniz?
- Əlimizdən gələni edəcəyik. Qarşımıza qrupdan çıxmaq hədəfi qoyulmayıb. Çünki belə hədəflər adətən komandaya, futbolçulara psixoloji baxımdan hazırlaşmağa mane olur.
- Yəqin ki, siz özünüz də "Dalğa Arena"dansa "Tofiq Bəhramov"da oynamaq istəyərdiniz...
- Əlbəttə. Amma bu dəfə elə alındı ki, orada oynamağımıza icazə verilmədi. İndi artıq orada da keyfiyyətli qazon var.
- Sizcə, Çexiya komandaları ilə duellərdə niyə uğur qazana bilmirik?
- Mən çoxdan, uşaq vaxtlarımdan Çexiya komandalarına qarşı oynamaqdan xoşlanmıram. Bu mövsüm isə həm Avroliqada, həm də ÇL-də çexlərə qarşı mübarizə aparmalı olduq. Hələ üstəlik Azərbaycan yığması da seçmə mərhələdə Çexiya yığması ilə qarşılaşacaq. Çexlər oynamağa imkan vermirər, özləri isə rəqibi əks-hücumlarda yaxalayırlar.
