Amil Yunanov: Ağabala Ramazanovun qola elə sevinməsi normal idi
"Sumqayıt"ın hücumçusu Amil Yunanovun azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın son turunda "İnter"ə məğlubiyyətinizə nə səbəb oldu?
- Bu oyunda qalib gəlməyi, fanatlarımızı sevindirməyi çox istəyirdik, amma təəssüf ki, uduzduq. Bu məğlubiyyət bizə mənfi təsir göstərməməlidir. Mümkün qədər tez toparlanmağımız lazımdır.
- Sizə elə gəlmir ki, rəqibin asan qollar vurmasına müdafiə xəttinizin zəif oyunu şərait yaratdı?
- Təbii ki, səhvlər olduğuna görə rəqib qollar vura, qələbə qazana bildi. Amma futbolda hər kəs səhv edə bilər.
- Keçmiş komanda yoldaşınızın sizə qol vurduqdan sonra çılğınlıqla sevinməsini necə qarşıladınız?
- Normal haldır. Ağabala özü də deyib ki, çoxdan idi qol vurmadığına görə belə sevinib. Burada pis heç nə yoxdur.
- "Zirə" üzərində ilk turda qazandığınız qələbədən sonra məğlub olursunuz. Belə çıxır ki, həmin qələbə də təsadüfi idi?
- Bu fikirlə razı deyiləm. Yaxşı komandamız var. Bundan sonrakı oyunlarda da qələbə qazanacağıq.
- Siz də hələ bu mövsüm qol hesabınızı aça bilməmisiniz?
- Çox çalışıram, amma hələ alınmır. Özüm də niyəsini bilmirəm. Niyəsini bilsəydim, yəqin ki, qol vurardım. Ola bilsin ki, üzərimdə az çalışıram. Amma artıq qol vurmaq vaxtıdır.
- Bəzi mütəxəssislər belə hesab edir ki, sizin qolçuluq bacarığınız ötən mövsümdə qalıb...
- Bununla razılaşa bilmərəm. Amma bu fikirlərə çox diqqət yetirmək də istəmirəm. Belə olsa, məndə heç nə alınmaz.
- Qarşıdakı "Kəpəz"lə oyundan nə gözləyirsiniz?
- "Kəpəz" yaxşı rəqibdir. Amma biz evdə oynayacağımıza görə azarkeşlərimizi sevindirmək istəyirik.
- Yayda sizə bir neçə təklif olsa da, getmədiniz. İndi buna görə təəssüflənmirsiniz?
- Xeyr. Bəlkə də yayda xaricə yollansaydım, indi vəziyyət bundan da pis olardı.
- Belə oyunla yığmaya düşməyiniz çox çətin olacaq...
- Millinin növbəti toplanışlarına dəvət almaq üçün qol vurmaq lazımdır.
