Qurbanov: Qəbələ üçün daha çətin olacaq, amma hər iki klubumuzun uğuruna inanıram
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxacaq "Qarabağ"la "Qəbələ"nin şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki klubumuza uğurlar arzulayıram. Onları çətin mərhələ gözləyir. Şablon da səslənsə, deməliyəm ki, onlara heç də asan olmayacaq. Xüsusilə də "Qəbələ" üçün Belçika "Anderlext"i ilə səfər matçı çətin olacaq. Rəqib çox güclüdür. Amma "Qəbələ" də artıq Avropada öz gücünü göstərməyi bacarmış komandadır. Fikrimcə, onlar bu oyunda da özlərini yaxşı tərəfdən göstərə və yaxşı nəticə ilə qayıda biləcəklər.
"Qarabağ" isə Çexiya "Slovan"ı ilə evdə qarşılaşacaq. Onları cütün favoriti adlandırmaq istəməzdim, amma ağdamlılar uğur qazanmağa yaxındırlar. Ümid etmək istəyirəm ki, onların startdakı oyunu uğurlu alınacaq".
