Qurban Qurbanov: Sabah hər şeyə hazır olmalıyıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Həm özümüzə, həm də "Qəbələ"yə uğurlu start arzulayıram. Rəqibi yaxşı analiz etmək lazımdır. Sabah səhvsiz oynamağa çalışacağıq. Rəqib təsnifat mərhələsində dörd oyun keçirib, hamısında qalib gəlib. Son üç ildə iki dəfə Avroliqada oynayıb. Bizə həm çətin, həm də maraqlı olacaq.
- AZAL-la oyundakı heyəti sabah meydanda görəcəyik?
- Ola bilsin ki, dəyişiklik olsun. Amma elə də ciddi dəyişiklik olmayacaq.
- "Dalğa Arena"nın qazonu nə vəziyyətdədir?
- Hər şey normaldır. Ötən gün orada məşq etdik, yaxşı idi.
- Stadionla bağlı belə problemlərin yaranması komandanın çıxışına təsir göstərə bilərmi?
- Bu barədə düşünmək istəmirik. Biz də daha çox azarkeşin gözü qarşısında oynamaq istərdik. Amma müəyyən məqamlar var ki, buna imkan vermir.
- Çexiya klubunun heyətlə bağlı problemləri işinizə yaraya bilər?
- "Slovan" rəqibinə sakit oynamağa imkan verən komanda deyil. Ola bilsin ki, buna görə sabah biz kombinasiyalı futbol sərgiləyə bilməyək. Hər şeyə hazır olmalıyıq. Bir-iki oyunçunun yoxluğu onların çıxışına təsir edə bilməz.
- "Slovan"ın məşhur forvardı Milan Baroşa qarşı xüsusi diqqət ayırmağı düşünmüsünüz?
- Bəli, ona xüsusi diqqət ayrılacaq. Onun öz oyun üslubu var, komandasının hücum xəttinin önəmli fiqurudur. Amma xüsusi olaraq kimisə fərqləndirmək istəməzdim. Bizim belə təcrübəmiz yoxdur.
- Siz rəqibi nədə üstələyirsiniz, "Slovan" sizdən nədə üstündür?
- Hər bir komandanın müsbət və mənfi cəhətləri var. Amma indi belə bir müqayisə aparmaq mən tərəfdən düz olmaz.
- Çexiya "Viktoriya"sı ilə oyunlardakı uğursuzluğun əvəzini "Slovan"dan çıxmaq fikriniz yoxdur?
- Xeyr. Çexiyalı futbolçular, idmançılar daim öz intizamları ilə fərqlənirər. "Viktoriya"ya uduzduq, bu, artıq geridə qaldı. Amma bu komandaların hər ikisi intizam baxımından bir-birinə bənzəyir.
