Mitreski Neftçini tənqid edən Stamenkoviçlə Flavinyonu hədəfə aldı
"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreskinin azerisport.az saytına müsahibəsi
- "Neftçi"nin "Qəbələ"yə 8 cavabsız qolla uduzmasını necə qarşıladınız?
- Çox qıcıqlandım. Mənim üçün bu cür məğlubiyyət çox gözlənilməz oldu. "Neftçi"nin sabiq futbolçusu olaraq mənim üçün bu komandanı belə vəziyyətdə görmək çox ağır oldu. Niyə belə oldu? Bu sualı futbolçulara vermək lazımdır. Niyə belə məsuliyyətsiz oynayırlar? Özü də heyətdə nə qədər legionerin, gənc futbolçunun olması fərq etmir. Belə oynamaq olmaz. Karyeramda heç vaxt belə böyük hesabla uduzmamışam.
- Bəs siz bilirsiniz ki, hesab daha da biabırçı ola bilərdi?
- Axı bu, necə ola bilər? Heç yoxlama oyunlarında belə vəziyyət yaranmır. "Neftçi"nin isə ümumiyyətlə belə oynamağa haqqı yoxdur. Köhnə rəhbərliyin gedişindən sonra hər şey dağılıb.
- "Neftçi"də nə baş verir?
- Oxumuşam ki, klubda böyük dəyişikliklər olacaq. Artıq vaxtdır. Bu, baş verməlidir. İndi hamı rəhbərliyi tənqid edir. Amma mən bununla razı deyiləm. Kluba böyük yazıçı Çingiz Abdullayev rəhbərlik edir. Tənqid etmək ən asan işdir. Niyə belə çətin anda dəstək göstərən yoxdur? Bütün bunları görmək mənə çox çətindir.
- Sizcə, nə etmək lazımdır?
- Komandanın toparlanması lazımdır. İmkan daxilində yeni oyunçular cəlb olunmalıdır. Lazım gəlsə, hətta klubun sabiq prezidenti Sadıq Sadıqova müraciət etmək lazımdır. Bu, Azərbaycan futbolunun flaqmanıdır. Onu sındırmaq olmaz. Nəticə çıxarmaq lazımdır.
- Bəs baş məşqçi barədə nə düşünürsünüz?
- Eşitdiyimə görə, artıq Vəli Qasımovu qovublar. Rəhbərlik qərar verməlidir.
- Saşa Stamenkoviçlə Flavinyo rəhbərliyi sərt tənqid edib. Onlarla razısınız?
- Xeyr, yenə də deyirəm ki, mən bu tənqidlərlə razılaşmıram. Onlar da "Neftçi"nin çörəyini yeyiblər. İndi bu kluba kimin rəhbərlik etməsindən asılı olmayaraq, "Neftçi"ni dəstəkləmək lazımdır. Qoy Stamenkoviç yada salsın ki, o, "Neftçi"yə qədər kim idi, bu klubda oynadıqdan sonra kim oldu. Onun karyerasını zənginləşdirən "Neftçi" olub. Eyni sözləri Flavinyo haqda da demək olar. O, komandanın lideri idi. Mən keçmiş komanda yoldaşlarımın bu cür tənqidlərinin əleyhinəyəm.
- Saşa Stamenkoviçin sözlərinə görə, rəhbərliyin ona borcu qalıb. Sizə də borclu qalıblar?
- Detalları bilmirəm. Ola bilər düzdür, ola bilər səhvdir. Amma bununla futbolçular yox, hüquqşünaslar məşğul olur. Futbolçular belə məsələlər haqda danışmamalıdır.
