Boyan İliç: Neftçinin səhvi onda oldu ki, Vəli Qasımovu postunda saxladı
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Boyan İliç "Neftçi"də baş verən son hadisələrlə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk növbətə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. "Neftçi"dəki vəziyyətə gəlincə, məncə, bunu faciəyə çevirmək lazım deyil. Braziliya kimi dünyanın ən güclü yığmalarından biri də Almaniyaya DÇ-də 1:7 hesabı ilə uduzmuşdu. Belə bir oxşar vəziyyətdə "Neftçi"nin uğursuz çıxışı niyə bu qədər böyüdülməlidir ki?
Çingiz Abdullayevlə Elnur Məmmədovu baş verənlərdə əsas günahkar hesab etmirəm. Onlar sadəcə, bir səhv etdilər ki, Vəli Qasımovu baş məşqçi postunda saxladılar, bütün transferlərlə bağlı qərarları onun öhdəsinə buraxdılar. O, yayda mənə də zəng etmişdi. Ona bir neçə variant təklif etdim. Amma heç biri ürəyincə olmadı. İndi həmin futbolçuların hamısı "Neftçi"dən daha güclü klublarda çıxış edirlər.
Bakılıların Makedoniya "Şkendiya"sına uduzduqları oyunda mən də var idim. Elə həmin oyundaca görünürdü ki, bu komanda böyük hədəflər üçün mübarizə aparacaq gücdə deyillər. Yerli bazarı yaxşı bilirəm. Azərbaycan klubları üçün optimal variantlar tapmaq çox asandır. Reynaldonu "Qarabağ"a gətirəndə onun komandanı gücləndirəcəyinə əmin idim.
"Neftçi"də vəziyyətdən çıxış yolu çox asandır. Bunun üçün sadəcə, güclü mütəxəssis gətirmək və qarşısına konkret hədəflər qoymaq lazımdır. Nəticə olacaq, mən buna əminəm".
