Emil Balayev Almaniya klubunda
Xəbər verdiyimiz kimi, azərbaycanlı qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun düşərgəsinə yollanıb. Azerisport.az xəbər verir ki, gənc qapıçı artıq Braunşveyq klubunda məşqlərə də başlayıb.
Hətta bu barədə "Ayntraxt"ın rəsmi saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, 22 yaşlı azərbaycanlı qapıçı komandanın sıralarına yoxlanışa gəlib və yaxın bir həftə ərzində sınaqdan keçməli olacaq. O, özünü doğruldacağı halda, klubla müqavilə imzalaması istisna edilmir.
Klub saytı Balayevin son olaraq Almaniyanın digər klubu "Ayntraxt"da (Frankfurt) olduğunu da qeyd edib.
Braunşveyq təmsilçisinin idman direktoru Mark Arnold isə Emili baxışa dəvət etmələri ilə bağlı bunları söyləyib: "Qarşıdakı həftə ərzində biz onu baxışdan keçirəcəyik. Mümkündür ki, onu heyətə qataq. Çünki bizə əlavə qapıçı almaq lazımdır".
Sonda onu da qeyd edək ki, Braunşveyq "Ayntraxt"ı Almaniyanın 2-ci Bundesliqasında çıxış edir və geridə qalan 4 turda maksimum xal toplayaraq turnir cədvəlində vahid liderdir.
