Denis Silva: Çempionluğa oynayırıq
"İnter"in müdafiəçisi Denis Silva Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Qələbə nə dərəcədə çətin başa gəldi?
- Yaxşı oynadıq. Futbolçularımız meydanda sonadək mübarizə apardılar. Bunun da sayəsində qalib gəldik. Fikrimcə, bu qələbəyə tam layiqik.
- Siz bu oyunda hesabı açan futbolçu oldunuz...
- Bu, mənim üçün ikiqat sevindiricidir. Çünki komandam qalib gəldi, mən yeni mövsümdə ilk qolumu vurdum. Bu mövsüm komandama daha da faydalı olmaq istəyirəm.
- İlk yarıda rəqibə göz açmağa imkan verməsəz də, fasilədən sonra vəziyyət dəyişdi. Buna nə səbəb oldu?
- Unutmayaq ki, "Sumqayıt" doğma meydanda oynayırdı. Əlbəttə, onlar da uduzmaq istəmirdilər, hücuma atılmağa məcbur idilər. Buna baxmayaraq, biz üstünlüyümüzü sonadək qorumağı bacardıq. Son saniyələrdə buraxdığımız qol da konsentrasiyanın ani itirilməsi nəticəsində vuruldu.
- Mövsümə pis başlamamısınız, komandanız ikinci yerdədir. Futbol ictimaiyyəti isə "İnter"in hətta qızıl medalları qazanmağa da qadir olduğunu düşünür. Siz bu barədə nə düşünürsünüz?
- Niyə də olmasın? Təbii ki, biz də çempionluq uğrunda mübarizə aparırıq. Fikrimcə, bunun üçün yetərli gücümüz də var.
- Bu yolda "Qarabağ" və "Qəbələ" kimi güclü rəqiblər də var. Sizcə, kim daha şanslıdır?
- Qarşıda hələ çox oyun var. Ona görə də kimin favorit olduğunu söyləmək çətindir. Futbolda hər şey mümkündür.
- 8 klubdan ibarət çempionat maraqsız deyil?
- Əlbəttə, çempionatda komanda sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. Amma biz nə edə bilərik ki? Bu mövsümü belə oynamağa məcburuq.
- Uzun illərdir Azərbaycanda oynadığınızı nəzərə alsaq, çempionatımızın indiki səviyyəsi barədə nə deyə bilərsiniz?
- 3-4 il əvvəl Azərbaycan çempionatında rəqabət daha güclü idi. Oyunlar da daha maraqlı və çətin keçirdi.
- Vaxtilə formasını geyindiyiniz "Neftçi"nin indiki acınacaqlı durumu barədə nə deyə bilərsiniz?
- İndi mənim komandam "Neftçi" yox, "İnter"dir. Amma onların da çıxışını izləyirəm və düşünürəm ki, çox acınacaqlı durumdur. "Neftçi" böyük tarixə malik klubdur. Buna görə də onların üzləşdiyi indiki durum bütövlükdə Azərbaycan futboluna mənfi təsir edir. Ümid edirəm ki, tezliklə bütün problemlər yoluna qoyular və komanda yenidən əvvəlki günlərinə qayıdar.
