Vüqar Latviyada daha bir qol vurdu
Futbol üzrə Latviya birinci liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Oqre" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Hər iki futbolçumuz meydana start heyətdə çıxıb. Vüqar sonadək oynasa da, Orxan 59-cu dəqiqədə əvəzlənib.
Matçdakı yeganə qolu komandasının bombardiri olan Vüqar vurub. O, 10-cu dəqiqədə hesabı açıb, 83-cü dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
Bununla da millimizin sabiq forvardı vurduğu qolların sayını 27-yə çatdırıb. Həsənəliyev isə cari mövsümdə 9 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 46 xal toplayan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.
