Ağatahir Əzimov: Millimiz bu qrupdan çıxsa, əsl sensasiya olacaq
Futzal üzrə Azərbaycan yığmasının sabiq kapitanı Ağatahir Əzimovun azerisport.az saytına müsahibəsi
- Millimiz sabah Kolumbiyadakı dünya çempionatında mübarizəyə başlayır. Komandamızdan nə gözləyirsiniz?
- Yığmamıza çətin olacağı dəqiqdir. Ən azından ona görə ki, çox çətin qrupa düşüb. Afrika, Avropa və Asiya çempionlarına qarşı mübarizə aparacağıq. Bir sözlə, çempionların qrupundayıq. İran çox güclüdür, İspaniyanın də nəyə qadir olduğunu gözəl bilirik.
- Bəs öz millimizin indiki durumu barədə nə deyə bilərsiniz?
- Heyətdə 5-6 braziliyalı var, qalanları yerli uşaqlardır. Legionerlərdən bir-ikisini tanıyıram. Eduardo ilə Fineonu "Xəzər Ayland"dan tanıyıram, Vassura da əvəllər "Fənər"də oynayıb. Digər braziliyalıların oyununu izləməmişəm, tanımıram.
- Bəs millinin yeni baş məşqçisi Miltinyodan nə gözləyirsiniz?
- Onun işini görməmişəm. Amma köməkçisi Biro Jadeni yaxşı tanıyıram. Məşqçi kimi yox, oyunçu kimi.
- Millinin ilk oyunu Mərakeşə qarşı keçirəcəyini nəzərə alsaq, təqvimi bizim üçün uğurlu saymaq olar?
- Fikrimcə, hansı rəqiblə nə vaxt qarşılaşmağın fərqi yoxdur. İstənilən halda hamısı ilə qarşılaşmalıyıq. Mərhələ adlamaq üçün ən azı iki oyunda qalib gəlməliyik. Əlbəttə, hər birimiz yığmadan uğur gözləyirik. Amma reallıq ondan ibarətdir ki, buna nail olmaq çox çətin olacaq.
- Belə qrupdan çıxmağımız sensasiya hesab oluna bilər?
- Əlbəttə. Belə bir qrupdan çıxan komanda ən azı 1/4 finala qədər irəliləyə bilər.
- Futbolçularımıza DÇ-də nə mane ola bilər?
- Fikrimcə, saat fərqinin ciddi təsiri olmamalıdır. Çünki komandanın yarısı braziliyalıdır. Onlar üçün Kolumbiya vaxtı doğma gələcək. Əsas məsələ psixoloji hazırlığın qaydasında olmasıdır. Xüsusilə də İran və İspaniya ilə oyunlarda. Onlarla oyunlarda qorxu olsa, məğlubiyyət qaçılmaz olacaq. Qorxmamalıdırlar.
