11 sentyabr 2016 14:30
Tural Axundov: Zirə ilə matçda bizi ancaq qələbə qane edir
"Kəpəz"in müdafiəçisi Tural Axundov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə" ilə oyuna yaxşı hazırlaşmışıq. Meydana qələbə üçün çıxacağıq. Bizi bu görüşdə ancaq qələbə qane edəcək. Həm də bu oyunda qazanacağımız uğur bizdə özünəinamı daha da artıra bilər. Çətin olacağını bilirik. "Zirə" güclü komandadır. Ötən mövsüm əldə etdikləri nəticələr də bunu təsdiq edir. Amma doğma meydanda oynadığımıza görə azarkeşlərimizi sevindirməliyik".
