Fariz Nəcəfov: Önəmli olan 8:0 yox, 3 xal qazanmağımızdır
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"yə 8:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Belə nəticə gözləyirdiniz?
- Xeyr. Amma əsas odur ki, üç xal qazandıq. Hesab o qədər də vacib deyil. "Neftçi"yə qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Bunu Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyiniz ilk oyun öncəsi yaxşı nəticə saymaq olar?
- Komandamızın öz prinsiplərini dəyişməməsi məni sevindirir.
- "Neftçi"nin belə hesabla uduzmasına acımadınız?
- Kimsə uduzmalı idi. Ümid edirəm ki, onlar bu vəziyyətdən çıxacaqlar.
- "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev kubokun finalına çıxmağı uğur hesab edir...
- Bu, onun fikridir. Bu fikrinə hörmətlə yanaşıram.
- Bir gün öncə də "Qarabağ" AZAL-a 6:0 hesabıyla qalib gəlmişdi. Belə rəqabətsizlik sizi narahat etmir?
- Əlbəttə, rəqabət nə qədər güclü olsa, bir o qədər yaxşıdır. İnkişaf da məhz rəqabət olan yerdə olur. Amma indiki reallıq da belədir.
