Roman Qriqorçuk: Bütün futbolçularımızdan razı qaldım
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 8:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çoxlu səhvimizin olmadığını deyə bilərəm. Bir qədər hesab 4:0 olarkən futbolçuların özlərindən nəsə möcüzə fikirləşmələri xoşuma gəlmədi. Buna yol vermək olmaz. Amma bütövlükdə əlbəttə, uşaqlar çox çalışdılar, matça məsuliyyətlə yanaşdılar və qələbə qazandıq. Ruslan Qurbanov və Petar Franyiç də daxil olmaqla bütün futbolçularımızdan razı qaldım. Yeni transferlərimiz də sürətli, səviyyəli futbolçudurlar və şadam ki, onlar komandamızın sıralarındadır. Avropa Liqasının qrup mərhələsində qarşılaşacağımız Belçika "Anderlext"i ilə oyuna gəlincə, hələ bu barədə danışmağa hazır deyiləm. "Neftçi" ilə oyuna hazırlaşarkən paralel olaraq onların da oyunlarına baxırdım. Amma rəqib barədə dəqiq analizlər aparmadan bir söz demək istəmirəm". (CBC)
