Qurban Qurbanov: AZAL ilə Slovan tam fərqli komandalardı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 6:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
- Tərlan Əhmədova təşəkkür edirəm ki, oyunun yerini dəyişməyimizə icazə verdi. Çünki bu gün təbii ot örtüyündə meydana çıxdıq. Şadam ki, qələbə qazandıq. Çoxlu qol epizodları oldu. Qarşıda vacib oyunumuz var. Bu oyuna ciddi yanaşmalı, hazırlaşmalıyıq. Qarşıdakı 4-5 gün ərzində həddən artıq diqqətli olmalıyıq. Bu gün hesab böyük olsa da, ilk yarıda çox çətinlik çəkdik.
- Bu gün oyunu izləyənlər arasında “Slovan”ın məqşçisi də vardı...
- Onlar bizi yaxşı tanıyırlar. Bu qələbəmizin “Slovan” üçün nəyisə dəyişdiyini düşünmürəm. Avroliqa oyunları tam fərqlidi. Onların oyununu stadiondan izləmişəm. Heyəti gənc olsa da, çox təcrübəli komandadı.
- “Slovan”la oyununuzu niyə məhz “Dalğa Arena”da keçirməyə qərar verdiniz?
- Az azarkeş qarşısında oynamağı biz də istəməzdik. Avrokuboklarda çoxlu azarkeşin bizi dəstəkləməsinə alışmışıq. Amma eyni zamanda normal qazonda oynamaq istəyirik. Ola bilər ki, Bakı Olimpiya Stadionunun qazonu indi yaxşı vəziyyətdə olsun. Amma qarşıdakı oyunda "Dalğa Arena"ya təyin olunub. Fikrimcə, problem olmayacaq.
- Takitiki baxımdan dəyişiklik edəcəksiz?
- Stabil nəticə əldə etmək üçün oyununu yaxşılaşdırmalısan. Ola bilər bəzi hücumlarda dəyişiklik olsun. Rəqibin oyununda zəif yer axtarıb, fərqli nəsə edəsən. İlk növbədə “Slovan”ın öz oyununu göstərməməsinə çalışacağıq.
- AZAL-la oyunu “Slovan”la matç öncəsi məşq saymaq olar?
- AZAL və “Slovan” fərqli komandadı. Heç bir oyuna məşq gözü ilə baxmırıq.
- Bunu Vaqif Sadıqovun dönəmində alınan 2:6 hesablı məğlubiyyətin qisası saymaq olar?
- (gülür) Heç kimə qarşı qisas haqda düşünmürəm. Uşaqlardan da belə fikirdə olan yox idi. Əminəm ki, Tərlan da elə düşünməz.
- Bədavi Hüseynov "Slovan"a qarşı oynayacaq?
- Böyük ehtimalla, oynamayacaq.
- Ansi Aqolliyə özünüz istirahət vermisiniz?
- Bəli, Aqolli dünən günorta saatlarında qayıdıb. Hava şəraitinə görə təyyarəsi də gecikib. Yorğun idi.
- Aqolli AÇ-də iştirak etdiyinə görə UEFA “Qarabağ”a müəyyən məbləğ ödəyəcək. Bundan ona da faiz çatacaqmı?
- Xeyr. Onun faizini özümüz veririk. Onsuz da böyük məbləğ deyil. Həmin məbləğ klubun hesabına keçiriləcək.
